2005-ci ildə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etdiyi Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı hesabat bir daha təsdiq etdi ki, bu sahədə görülməli olan işlər hələ də çoxdur. Amma bu heç də o demək deyil ki, uşaqlarla əlaqədar ölkəmizdə heç bir fəaliyyət həyata keçirilmir. İstər dövlət qurumları, istər qeyri-hökumət təşkilatları, istərsə də özəl sektorda fəaliyyət göstərən qurumlar və həmin qurumlarda fəaliy1yət göstərən şəxslərin arasıanda uşaqlarla, onların problemlərinin araşdırılması və aradan qaldırılması ilə məşğul olan bir çox təşkilat və insanın adını çəkmək, onların gördükləri işlərdən danışmaq mümkündür.
Amma təəssüf ki, bu təşkilat və insanların fəaliyyəti heç də həmişə geniş ictimaiyyətə məlum olmur. Bu da ilk növbədə bu kimi insan və qurumların geniş ictimaiyyətə təqdim olunmamaları, onların fəaliyyətinin bir növ kölgədə qalması ilə izah edilə bilər. Bu da bəzən belə xeyirxah fəaliyyətlə məşğul olan qurumların və insanların ətrafdakılar tərəfindən dəyərləndirilməmələri üzündən ruhdan düşmələrinə və öz fəaliyyətlərini zəiflətmələrinə, hətta bəzən bu fəaliyyətdən birdəfəlik əl çəkmələrinə səbəb olur.
Bu amili nəzərə alaraq, Ümidli Gələcək Gənclər Təşkilatı Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ilə birgə uşaqların problemlərinin araşdırılması və aradan qaldırılması ilə məşğul olan təşkilat və şəxsləri müəyyən etmək, onların fəaliyyətini stimullaşdırmaq məqsədilə uşaqlarla bağlı fəaliyyətin müxtəlif sahələrini əhatə edən nominasiyalar üzrə mükafat və prizlər təqdim etmək və onların fəaliyyətinin mediada işıqlandırılmasını təmin etmək üçün layihə həyata keçirməyi planlaşdırır.
Layihənin məqsədi
Uşaq hüquqlarını təbliğ etmək və bu sahədə görülən işləri gücləndirmək. Uşaq problemlərinin araşdırılması və aradan qaldırılması ilə məşğul olan təşkilat və şəxslərin fəaliyyətlərini stimullaşdırmaq.
Layihənin vəzifələri
- Mütəxəssislərdən ibarət işçi qrupun yaradılması
- Mükafatlandırılacaq təşkilatların və şəxslərin müəyyənləşdirilməsi üçün ölkə üzrə sorğu keçirilməsi
- Mediada geniş təbliğat və məlumatlandırma kampaniyasının aparılması
- Təqdim ediləcək mükafat və prizlərin müəyyənləşdirilməsi və hazırlanması
- Təqdimetmə mərasiminin keçirilməsi
- Sponsora hesabatın təqdim edilməsi